Şantajda təqsirli bilinən iş adamının keçmiş həyat yoldaşı azadlığa buraxıldı

Bir neçə ay əvvəl iş adamını şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı həbsdən azad olunub. Ali Məhkəmə onunla bağlı son qərarı ləğv edib.
Ötən ayın sonunda Ali Məhkəmə məhkum edilmiş qadının kassasiya şikayətini təmin edib. Hakimlər əvvəlki instansiyalarda işə düzgün baxılmadığını və qanun pozuntularına yol verildiyini qeyd ediblər. Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılmaq üçün qaytarılıb. Azyaşlı uşağı olan qadının həbsdə qalmasına ehtiyac görülməyib. Yaxın günlərdə yeni apellyasiya baxışı başlayacaq.
İki il əvvəl qadının şikayəti ilə iş adamı həbs olunmuşdu. Ona evlilik dövründə əzab vermək ittihamı da irəli sürülmüşdü və məhkəmə onu bu maddə üzrə təqsirli bilmişdi. Sonradan qadın özü təqsirləndirilən şəxs kimi tanınıb: keçmiş həyat yoldaşına aid şəxsi foto və videoları qanunsuz əldə etməkdə, onlardan istifadə edərək külli miqdarda əmlak tələb etməkdə təqsirli sayılıb. Cəzanın çəkilməsi uşağı 14 yaşına çatana qədər təxirə salınmışdı, lakin apellyasiya instansiyası hökmü dəyişəndə qadın məhkəmə zalında həbs edilib.
Lent.az materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



