Mənzil satışı ilə 172 nəfərin aldadılmasında ittiham olunan şirkət rəhbərinin işi məhkəməyə göndərilib

Bakının Nizami rayonunda “Vesta Construction” MMC-nin apardığı tikintiyə görə sökülmüş mənzillərin əvəzində sakinlərə yeni mənzillərin uzun müddət verilməməsi barədə məlumatlar daxil olub. Bu məlumatlar əsasında Nizami rayon prokurorluğu araşdırma aparıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, şirkətin təsisçisinin qulluq mövqeyindən istifadə edərək vətəndaşları təkrarən aldatdığına dair əsaslı şübhələr müəyyən olunub. İbtidai istintaqa əsasən, “My Home” yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyənlərə əvvəllər başqalarına satılmış əmlak təklif edilib. Bu yolla külli miqdarda pul vəsaiti ələ keçirilib.
Təsisçiyə Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə yenidən ittiham elan edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə 172 şəxs zərərçəkmiş kimi tanınıb. İbtidai istintaq başa çatdırılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
APA materialı əsasında. Şəkil mənbədəndir. Orijinal



