Rəsmi · Dünən, 08:37

Asif Əsgərovdan, Bakı, Azərbaycan

60 illik yubileyim münasibətilə məni Azərbaycan Respublikasının ali dövlət mükafatlarından biri – “Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Zati-alinizə ən dərin ehtiramımı və səmimi qəlblə sonsuz minnətdarlığımı ifadə edirəm.

Bu ali mükafatı şəxsimə deyil, Sizin müdrik rəhbərliyiniz altında ölkəmizdə formalaşmış yüksək dövlətçilik ənənələrinə, Vətənə sədaqətlə xidmət edən hər bir vətəndaşın əməyinə göstərdiyiniz misilsiz diqqət və qayğının təcəssümü kimi qəbul edirəm. Sizin fəaliyyətinizdə insan amilinə verilən bu böyük dəyər, zəhmətə və sədaqətə göstərilən ali münasibət cəmiyyətimizdə dövlətə bağlılıq hissini daha da ucaldır, hər birimiz üçün əsl vətəndaşlıq nümunəsi yaradır.

Bu gün Azərbaycan Sizin uzaqgörən, qətiyyətli və müdrik siyasətiniz sayəsində tarixinin ən şərəfli və qüdrətli zirvəsinə yüksəlmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolunu yeni dövrün çağırışlarına uyğun zənginləşdirərək ölkəmizi regionun lider dövlətinə çevirməyiniz, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə xalqımıza əbədi Zəfər qüruru yaşatmağınız çağdaş tariximizin ən parlaq səhifəsidir. Sizin sarsılmaz iradəniz, xalqla iqtidar arasındakı sarsılmaz birliyi təmin edən liderlik fəlsəfəniz Azərbaycanın gələcək tərəqqisinin ən etibarlı təminatıdır.

Mənim üçün böyük şərəf və mənəvi ucalıq olan bu yüksək etimada görə Sizə bir daha təşəkkür edirəm. Belə bir qüdrətli dövlətin vətəndaşı olmaq, Sizin müəyyən etdiyiniz böyük quruculuq və inkişaf xəttinə sadiq qalaraq dövlətçiliyimizə xidmət etmək həyatımın ən ali amalıdır.

Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni möhtəşəm nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.

Rəsmi mənbə: Azərbaycan Respublikasının Prezidenti. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər