Texnologiya · Dünən, 21:17

Tidal dekabrın 9-dan süni intellektlə yaradılan musiqiyə qadağa qoyur

Musiqi yayımı platforması Tidal dekabrın 9-dan etibarən süni intellektlə yaradılan musiqini qadağan edir. Platformanın musiqi rəhbəri Robert Andersenin sözlərinə görə, bu qərar nəticəsində təxminən 29 milyon belə mahnı silinəcək. Gündə isə təxminən 80–85 min treki qəbul etməyəcəklər.

Bir neçə ay əvvəl Tidal tam süni intellektlə yaradılmış treklərə etiket qoymağa və onları gəlirsizləşdirməyə başlamışdı. Andersen bildirib ki, son 90 gündə platformaya göndərilən treklərin 43 faizi süni intellekt məhsulu olub, bu səbəbdən daha sərt addım lazım gəlib. Onun sözlərinə görə, belə mahnıların 96 faizi heç dinlənmir.

Tidal musiqi distribyutorlarının süni intellekt mahnıları təqdim etməsini də qadağan edəcək. Bunun üçün Ircam Amplify aşkarlama aləti və metadata yoxlamalarından istifadə olunacaq. Süni intellekt alətlərinin köməyi ilə hazırlanan mahnılara qadağa tətbiq edilmir, yalnız süni intellektin yeganə nəticə olduğu treklər rədd ediləcək.

Bandcamp bu il oxşar qadağa tətbiq etmişdi. Spotify, YouTube, Apple Music və Deezer isə etiketləmə, tövsiyələrdən çıxarma və ya filtr kimi üsullara üstünlük verir.

The Verge materialı əsasında. Şəkil mənbədəndir. Orijinal

Digər xəbərlər